Üzvlük haqqında
29/05/2024I Milli Təhsil Zirvəsi
Azərbaycan Respublikası Təhsil Cəmiyyəti və “Təhsilli Gələcək” Təhsilin İnkişafı İctimai Birliyinin birgə təşkilatçılığı ilə 25 May 2024-cü il tarixində Xəzər Universitetində “Təhsildə dəyişikliklərin idarə olunması” mövzusunda I Milli Təhsil Zirvəsi keçirilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin ifası ilə start götürüb. Daha sonra ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri, professor Hamlet İsaxanlı açıb.
Professor Hamlet İsaxanlı bildirib ki, təhsil hamı üçün əlçatan olmalıdır:
“İstəyirik ki, hər kəs uşaq yaşlarından təhsil ala bilsin. Bu, heç də asan məsələ deyil. Afrikanın bir çox nöqtələrində bu kimi problem hələ də qalmaqdadır. Təhsilin əlçatan olması deyəndə təkcə orta təhsil yox, ali təhsil də nəzərdə tutulur. Biz həm də keyfiyyətli təhsil istəyirik. Təhsilin maliyyələşdirilməsi və idarə olunması isə olduqca çətin məsələdir. Bütün dövlətlər bildirir ki, bir nömrəli məsələ təhsildir, amma həmin dövlətlər bir nömrəli hesab etdiyi məsələyə maliyyə ayırmaq istəmirlər. Ona görə də, müəllim maaşının azlığı kimi məsələlər hələ də aktualdır. Biz hər gün mükəmməliyə doğru dəyişməliyik”.
“Təhsili gələcək” Təhsilin İnkişafı İctimai Birliyinin sədri Sona Əliyeva professor Hamlet İsaxanlıya xatirə plaketi təqdim edib.
Daha sonra tədbirdə çıxış üçün söz millət vəkili Ceyhun Məmmədova verilib. İlahiyyat üzrə fəlsəfə doktoru, Professor Ceyhun Məmmədov təhsildə dəqiq nizam və intizamın tətbiqi mövzusunda çıxış edib. O, bildirib ki, təhsil sistemində hamıya eyni qayda tətbiq olunmalıdır.
Ceyhun Məmmədov müasir texnologiya və innovasiyanın tətbiqi məsələlərinə də toxunub. Deputat bildirib ki, bu istiqamətdə proseslərin sürətləndirilməsinə ehtiyac var.
Millət vəkilinin fikrincə, təhsildə əsas faktorlardan biri də sağlam maliyyə sistemidir: “Xərclərin düzgün idarə olunması çox önəmlidir. Rəhbər heyətin düzgün seçilməsi, sağlam komandanın yaradılması əsas faktordur. Müəllim danışığı, geyimi ilə nümunə ola bilmirsə, biz sağlam tələbə yetişdirə bilməyəcəyik”.
Çıxışından sonra millət vəkilinə xatirə plaketi təqdim olunub. Sumqayıt Dövlət Universitetinin rektoru, dosent Rüfət Əzizov çıxışına tədbirdə iştirak edən şəhid ailələrini və qazilərimizi salamlamaqla başlayıb.
SDU-nun rektoru bildirib ki, dünya və tələblər dəyişdiyi üçün təhsildə də dəyişikliklərə ehtiyac var.
Millət vəkili, Əməkdar müəllim Pərvin Kərimzadə çıxışında bildirib ki, Xəzər Universiteti keçmişlə gələcəyi birləşdirən təhsil müəssisəsidir. Deputatın sözlərinə görə, yeni biliklərin əldə olunması üçün elm inkişaf etməlidir. Onun sözlərinə görə, elə bir çağda yaşayırıq ki, ali məktəblərdə verilən biliklərlə, oxuduğumuz vəsaitlərlə kifayətlənmək olmaz:
“Biz dünyada gedən sürətli inkişafa inteqrasiya etməliyik. Bizim müəllimlərimiz dünyanın ən yaxşı müəllimləri sırasındadır. Biz dünya təcrübəsində olan ən yaxşı elementləri tətbiq etməliyik”.
Əməkdar artist Fərqanə Qasımova isə məlahətli səsi ilə tədbir iştirakçılarının ruhunu oxşayıb və Təhsil Zirvəsinin iştirakçılarını öz musiqi töhfəsi ilə salamlayıb.
V çağırış Milli Məclisin deputatı, Əməkdar müəllim, “Təhsili gələcək” Təhsilin İnkişafı İctimai Birliyinin sədri Sona Əliyeva çıxışına tədbirə qatılan şəhid ailələri və qazilərimizi salamlamaqla başlayıb.
Keçmiş millət vəkili bildirib ki, texnologiyanın və süni intellektin modern təhsil metodikasına tətbiqi məlumatların əlçatanlığı baxımdan çox önəmlidir.
Sona Əliyeva vurğulayıb ki, məktəb idarəetməsinin avtomatlaşdırılması, süni intellektin inkişafı yeni çağ təhsil sisteminin əsas çağırışlarındandır:
Sonra Azərbaycan Respublikası Təhsil Cəmiyyətinin İdarə Heyətinin sədri Murad Ağalarov çıxış edərək spikerlərə, tədbir iştirakçılarına minnətdarlığını bildirib.