AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL CƏMİYYƏTİ İCTİMAİ BİRLİYİNİN NİZAMNAMƏSİ

I. ÜMUMİ MÜDDƏALAR

1.1 “Azərbaycan Respublikası Təhsil Cəmiyyəti” ictimai birliyi (bundan sonra – Birlik adlandırılacaq) ümumi maraqlar əsasında birləşmiş, könüllülük, üzvlərinin hüquq bərabərliyi prinsipləri əsasında yaradılan, öz fəaliyyətinin əsas məqsədi kimi gəlir əldə etməyi nəzərdə tutmayan və əldə edilən gəliri öz üzvlərinin arasında bölməyən qeyri-hökumət təşkilatıdır və fəaliyyəti Azərbaycan Respublikasının ərazisini əhatə edir.

1.2. Birlik öz fəaliyyətini Azərbaycan Respublikasının Konstitusiyası, “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikasının Qanunu, digər normativ hüquqi aktlar və bu Nizamnamə əsasında həyata keçirir.

1.3. Birlik 15.08.1990-cı il tarixdə 452 nömrə və “Təhsil” Cəmiyyəti adı ilə Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınıb. 10.11.1993-cü il tarixdə qurumun adı Azərbaycan Respublikası Təhsil Cəmiyyətinə dəyişdirilmişdir. Birliyin müstəqil balansı, üzərində adı yazılmış möhürü, ştampı, Azərbaycan Respublikasının banklarında hesablaşma hesabı və digər rekvizitləri vardır.

1.4. Birliyin yerləşdiyi ünvan: Bakı şəhəri, Xətai rayonu, Abdulla Rəhimov küçəsi, ev 11, mənzil 3.

II. BİRLİYİN MƏQSƏD VƏ VƏZİFƏLƏRİ

 2.1. Birliyin əsas məqsədi respublikada fasiləsiz təhsilin həyata keçirilməsinə, təlim-tərbiyənin daha da yüksəldilməsinə yardım göstərəmək, eləcə də peşə hazırlığının inkişafına nail olmaqdan ibarətdir.

2.2. Birlik məqsədlərinə çatmaq üçün aşağıdakı vəzifələri həyata keçirir:

  • fasiləsiz təhsil və təlim-tərbiyə sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirləri təbliğ etmək və onlara kömək etmək;
  • əhalinin bilik və bacarıqlarının artırılmasına yardım göstərmək;
  • bu sahədə beynəlxalq təcrübəni öyrənmək.
    • Bu Nizamnamədə nəzərdə tutulmuş vəzifələri həyata keçirmək üçün Birlik:
  • elmi araşdırmalar aparır, müxtəlif kurslar və seminarlar, dəyirmi masa və görüşlər, sərgilər təşkil edir;
  • ölkədə və xarici dövlətlərdə fəaliyyət göstərən müxtəlif qeyri-hökumət təşkilatları, regional və beynəlxalq qurumlarla əlaqə qurur və onlarla birlikdə layihələr həyata keçirir;
  • məqsədləri və fəaliyyəti barədə məlumatı sərbəst yayır, qanunvericiliyə müvafiq qaydada mətbu nəşrlər təsis edir;
  • Azərbaycan Respublikasının aidiyyatı dövlət, bələdiyyə orqanları və beynəlxalq təşkilatlarla əməkdaşlıq edir.
    • Birlik dövlət qeydiyyatına alındıqdan sonra otuz gün müddətində üzvlərinin reyestrinin aparılmasını təmin edir.
    • Birlik Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Milli Məclisinin və bələdiyyələrin seçkilərində iştirak edə bilməz.

III. BİRLİYİN HÜQUQLARI

3.1.       Birlik aşağıdakı hüquqlara malikdir:

  • öz adından əqdlər bağlamaq, əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh kimi çıxış etmək;
  • fəaliyyəti barədə məlumatı sərbəst yaymaq;
  • Azərbaycan Respublkasının ərazisində və xaricdə filial və nümayəndəliklərini təsis etmək;
  • banklarda hesablar açmaq və hesablaşmalar aparmaq;
  • müstəqil balansa, möhürə, ştampa və digər rekvizitlərə malik olmaq;
  • Birliyin yaradılması məqsədlərinə nail olmasına yönəldilmiş sahibkarlıq fəaliyyətini həyata keçirmək;
  • Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hüquqlardan istifadə etmək.

IV. BİRLİYİN ƏMLAKI VƏ MALİYYƏ FƏALİYYƏTİ

4.1.       Birliyin mülkiyyətində binalar, qurğular, mənzillər, avadanlıqlar, inventarlar, pul vəsaitləri, səhmlər, digər qiymətli kağızlar və bu Nizamnamə ilə nəzərdə tutulmuş fəaliyyətin maddi təminatı üçün qanunvericiliklə qadağan olunmamış növlərdə əmlak ola bilər.

4.2.       Birlik öz öhdəliklərinə görə əmlakı ilə cavabdehdir. Bu əmlak yalnız Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq özgəninkiləşdirilə bilər.

4.3.       Birliyin əmlakının pul və digər şəkildə formalaşdırılması mənbələri aşağıdakılardır:

  • təsisçilərin və ya Birlik üzvlərinin müntəzəm və ya birdəfəlik üzvlük haqları;
  • idarə, müəssisə, yerli və beynəlxalq təşkilatların və vətəndaşların könüllü verdikləri əmlak haqları və ianələri;
  • səhmlər, istiqrazlar, başqa qiymətli kağız və əmanətlərdən alınan dividentlər, gəlirlər;
  • öz əmlakından istifadə və onun satılması nəticəsində əldə edilən gəlirlər;
  • qrantlar;
  • sərgilərdən, konsertlərdən və digər tədbirlərdən əldə olunan gəlirlər;
  • təsis etdiyi müəssisələrin fəaliyyəti nəticəsində əldə olunan gəlirlər;
  • qanunvericiliklə qadağan olunmamış digər mədaxillər.

4.4.       Birliyin üzvləri onun mülkiyyətinə daxil olan ayrı-ayrı obyektlər üzərində xüsusi hüquqlara malik deyil.

4.5.       Birlik Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən edilmiş qaydada öz fəaliyyətinin məqsədlərinə və əmlakın təyinatına müvafiq olaraq öz əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququna malikdir.

4.6.       Birliyin hesabına daxil olmuş məqsədli vəsait başqa istiqamətlərdə xərclənə bilməz.

4.7.       Birlik siyasi partiyalara maliyyə və başqa maddi yardım göstərə bilməz.

4.8.       Birlik qanunvericiliklə müəyyən edilmiş qaydada maliyyə, statistik və sair hesabatlar tərtib edir və dövlət orqanlarına təqdim edir.

V. BİRLİYİN TƏSİSÇİLƏRİ VƏ ÜZVLƏRİ,

ONLARIN HÜQUQ VƏ VƏZİFƏLƏRİ

5.1.       Birliyin təsisçiləri hüquqi şəxslər (dövlət hakimiyyəti və yerli özünüidarə orqanları istisna olmaqla) və ya 18 yaşına çatmış fiziki şəxslər ola bilərlər..

5.2.       Təsisçilər bərabər hüquqlara malikdirlər. Təsisçilərin qarşılıqlı münasibətləri, hüquq və vəzifələri qanunvericiliklə, yaxud onların arasında bağlanmış müqavilə ilə və ya bu Nizamnamə ilə müəyyən edilir.

5.3.       Azərbaycan Respublikasında hər bir fiziki və hüquqi şəxs (dövlət hakimiyyəti və yerli özünüidarə orqanları istisna olmaqla) ictimai birliyin üzvü ola bilər. Birliyin təsisçiləri həm də Birliyin üzvləri hesab olunurlar.

5.4.       Birliyə üzvlərin qəbulu Birliyin İdarə Heyəti tərəfindən aparılır.

5.5.       Birliyə daxil olmaq üçün İdarə Heyətinə yazılı şəkildə müraciət edilir. Ərizəyə bir ay müddətində baxılır. Səsvemə nəticəsində İdarə Heyətinin üzvlərinin yarıdan çoxu bu məsələyə müsbət münasibətlərini bildirdikdə, ərizəçi Birliyin üzvü seçilmiş hesab edilir.

5.6.       Birliyin üzvləri öz aralarında bərabərhüquqlu olub aşağıdakı hüquqlara malikdirlər:

  • bu Nizamnamədə və digər sənədlərdə nəzərdə tutulmuş qaydada təşkilatın idarəçiliyində iştirak etmək;
  • Birliyin hər hansı seçkili, o cümlədən rəhbər orqanına seçmək və ya həmin orqanlarda təmsil olunmaq;
  • Birliyin fəaliyyətində və təşkil etdiyi tədbirlərdə iştirak etmək;
  • Birliyin rəhbər orqanlarının fəaliyyəti barədə məlumat almaq, fəaliyyətinə nəzarət etmək;
  • öz mənafelərinin müdafiəsinə kömək göstərilməsi üçün Birliyə müraciət etmək;
  • onun hüquq və vəzifələri ilə bağlı hər hansı məsələnin müzakirəsində şəxsən iştirak etmək, Birliyin müvafiq orqanlarına etirazını bildirmək və şikayət etmək.

5.7.       Birliyin üzvü yalnız Birliyin müvafiq orqanları səlahiyyət verdikdə həmin orqanı təmsil edə və ya onun adından bəyanatla çıxış edə bilər.

5.8.       Birliyin üzvləri aşağıdakı vəzifələri daşıyırlar:

  • Birliyin Nizamnaməsinə əməl etmək;
  • Birliyin seçkili orqanlarının qərarlarını yerinə yetirmək;
  • Nizamnamə tələblərinə riayət etmək;
  • Birliyin tədbirlərində iştirak etmək.

5.9.       Birliyə üzvlük haqqının miqdarı Birliyin İdarə Heyəti tərəfindən müəyyən edilir.

5.10.     Birliyə üzvlüyə aşağıdakı hallarda xitam verilir:

  • könüllü olaraq Birliyin üzvlüyündən çıxdıqda;
  • Birliyin üzvlüyündən çıxarıldıqda.

5.11.     Birliyin üzvü aşağıdakı hallarda üzvlükdən xaric edilir:

  • Birliyin adına ləkə gətirən hərəkətlərə yol verdikdə;
  • mütəmadi olaraq Birliyin işində iştirak etməkdən boyun qaçırdıqda;
  • Nizamnamə məqsədlərinə zidd hərəkət etdikdə.

5.12.     Üzvlükdən çıxarılma İdarə Heyətinin qərarı ilə həyata keçirilə bilər.

5.14.     Birlik üzvünün həmin qərardan Birliyin ali idarəetmə orqanına və məhkəməyə şikayət etmək hüququ vardır.

VI. BİRLİYİN TƏŞKİLATİ STRUKTURU,

VƏ İDARƏETMƏ ORQANLARI

6.1.       Birliyin ali idarəetmə orqanı ildə bir dəfədən az olmayaraq çağrılan Ümumi Yığıncaqdır.

6.2.       Ümumi Yığıncaq Birliyin icra orqanının, təsisçilərdən birinin və ya üzvlərinin üçdə bir hissəsinin təşəbbüsü ilə çağrılır.

6.3.       Birliyin təsisçilərinə və üzvlərinə Yığıncağın yeri və vaxtı haqqında iki həftə əvvəl məlumat verilməlidir.

6.4.       Ümumi Yığıncağın səlahiyyətlərinə aşağıdakılar aiddir:

  • Birliyin Nizamnaməsinin qəbulu və ona dəyişikliklərin edilməsi;
  • Birliyin əmlakının formalaşması və istifadə prinsiplərinin müəyyən edilməsi;
  • Birliyin icra orqanlarının yaradılması və onların səlahiyyətlərinin vaxtından əvvəl dayandırılması;
  • illik hesabatın təsdiq edilməsi;
  • başqa təşkilatlarda iştirak;
  • Birliyin yenidən təşkili və ləğv edilməsi;
  • Birliyin icra orqanının rəhbərlərinin hesabatının dinlənilməsi.

6.5.       Ümumi Yığıncaq yalnız Birlik üzvlərinin yarısından çoxu iştirak etdikdə səlahiyyətli hesab olunur.

6.6.       Ümumi Yığıncaqda müzakirə olunan məsələlər haqqında qərarlar sadə səs çoxluğu ilə qəbul edilir. Hər bir üzv bir səsə malikdir. Nizamnaməyə əlavə və dəyişikliklərin edilməsi və təşkilatın yenidən təşkili və ləğvi barədə qərarın qəbulu üçün 2/3 səs çoxluğu tələb olunur.

6.7.       Birliyin fəaliyyətinə cari rəhbərliyi İdarə Heyəti həyata keçirir.

6.8.       İcra orqanı İdarə Heyətinin sədrindən, onun müavinlərindən və digər şəxslərdən ibarət olan İdarə Heyətidir.

6.9.       İdarə Heyəti kollegial icra orqanı olub aşağıdakı səlahiyyətlərə malikdir:

  • Birliyin üzvlüyünə qəbul edir və üzvlükdən azad edir;
  • təkliflər və layihələr irəli sürür;
  • Birliyin filiallarını yaradır və nümayəndəliklərini açır;
  • Birliyin başqa idarəetmə orqanlarının müstəsna səlahiyyətlərinə aid edilməyən bütün məsələləri həll edir;

6.10.     İdarə Heyəti üzvlərinin yarısından çoxu iştirak etdikdə səlahiyyətli sayılır və qərarları sadə səs çoxluğu ilə qəbul edilir.

6.11.     İdarə Heyətinin sədri, müavinləri və digər üzvləri Birliyin Ümumi Yığıncağı tərəfindən 2(iki) il müddətinə seçilir.

6.12.     Sədr:

  • Birliyi təmsil edir, onun adından müqavilələr bağlayır, etibarnamələr verir, Ümumi Yığıncağın və İdarə Heyətinin qərarlarının icrasını təşkil edir;
  • Ümumi Yığıncaq tərəfindən və Nizamnamə ilə onun üzərinə qoyulan digər funksiyaları həyata keçirir;

6.13.     Birliyin Nəzarət-təftiş komissiyası birliyin vəzifəli şəxslərinin və üzvlərinin fəaliyyətinin Nizamnaməyə uyğun olması, habelə Birliyə maliyyə fəaliyyəti üzərində nəzarəti həyata keçirir. NTK üzvlərinin sayı Ümumi Yığıncaq tərəfindən müəyyən edilir. NTK-nın səlahiyyət müddəti 2 (iki) ildir. NTK-nın qərarları sadə səs çoxluğu ilə qəbul edilir.

6.14.     NTK Birliyin orqanlarından və üzvlərindən daxil olan müraciətlərə bir ay müddətində baxıb cavab verməlidir.

6.15.     Dövlət qeydiyyatına alınmış Birlik Azərbaycan Respublikasının ərazisində və xaricdə filiallarını yarada, nümayəndəliklərini aça bilər. Birlik on gün müddətində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə filial və (və ya) nümayəndəliyinin yaradılması haqqında məlumat verməlidir.

VII. BİRLİYİN FƏALİYYƏTİNƏ XİTAM VERİLMƏSİ

7.1.       Birliyin fəaliyyətinə onun yenidən təşkil edilməsi (birləşmə, qoşulma, bölünmə, ayrılma, çevrilmə) və ləğv edilməsi yolları ilə xitam verilir. Birliyin fəaliyyətinə xitam verilməsi mövcud qanunvericilikdə nəzərdə tutulmuş qaydada həyata keçirilir.

7.2.       Birliyin fəaliyyətinə xitam verilməsi haqqında qərara əsasən ləğvetmə komissiyası yaradılır. Bu andan Birliyin idarəçiliyi ilə əlaqədar bütün səlahiyyətlər ona keçir. Ləğvetmə komissiyası ləğvetmə balansını tərtib edir. Birliyin ləğvi zamanı büdcə və hesablaşmalardan və kreditorların tələbləri ödənildikdən sonra qalan əmlak qanunvericiliklə müəyyən olunmuş qaydada Nizamnamə məqsədlərinə, bu mümkün olmadıqda isə dövlət büdcəsinə yönəlir. Birliyin ləğvi Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və digər qanunvericilik aktlarına əsasən həyata keçirilir.

VIII. BİRLİYİN TƏŞKİLATİ STRUKTURU,

VƏ İDARƏETMƏ ORQANLARI

8.1.       Bu Nizamnamədə nəzərdə tutulmayan məsələlər qanunvericiliklə tənzimlənir..

8.2.       Gələcəkdə bu Nizamnamənin müddəaları qanunvericiliklə zəddiyyət təşkil edərsə, qanunvericiliyin müddəaları tətbiq edilir.

8.3.       Birliyin maliyyə ili qeydiyyata vaxtdan başlayır və həmin ilin 31 dekabrında başa çatır. Növbəti maliyyə illəri isə 1 yanvarda başlayır və dekabr ayının 31-dək olan dövrü əhatə edir.