Cumhuriyyətin təhsil nazirləri
06/03/2022Yaşlıların təhsilinə ciddi ehtiyac var
07/03/2022Tələbə kreditləri bir çox inkişaf etmiş ölkələrdə təhsilin maliyyələşdirilməsinin ən çox istifadə edilən maliyyə alətlərindən biri hesab edilir. Uzun müddətli davam edən (ancaq bitməyən) müzakirələrdən sonra Azərbaycanda da təhsil kreditlərinin tətbiqi barədə həqiqi addım atıldı. Müzakirələrə öz töhfəmizi qatmaq baxımından tələbə kreditlərinin (fikrimizcə) ölkə vətəndaşlarının şəxsi və ailə büdcəsinə ən vacib müsbət və mənfi iqtisadi nəticələrini qeyd etmək istərdik.
Müsbət təsirləri:
– Ailələrin yığım və istehlak qərarlarına müsbət yöndə təsir edəcəkdir. Çünki, təhsilin maliyyələşməsinin ən əsas mənbəyi ailələrin şəxsi büdcəsi hesabına formalaşır. Digər bir maliyyə mənbəyinin mövcudluğu isə ailələrə bu maliyyə yükünün azaldılmasına ciddi təsir edərək ailələrə həmən vəsaiti digər səmərəli istiqamətlərə xərcləməsinə əlavə imkanlar yaradacaqdır. Məsələn, ailələr təhsilə yənləndirəcəkləri maliyyə vəsaitini öz sağlamlıqlarına yəni səhiyəyə investisiya kimi qoya biləcəklər. Beləliklə, təhsil kreditləri ailə büdcəsinin istifadəsinin effektivliyini artıracaq və səmərəli nəticələr əldə etməyə imkan yaradacaqdır;
– Ölkənin insan kapitalının artmasına ciddi müsbət təsir göstərəcəkdir. Digər bir ifadə ilə uzun müddətli dövrdə Azərbaycan işçisi daha savadlı, daha bacarıqlı və daha məhsuldar olacaqdır. Bunun isə iki yolla olması mümkündür: Birincisi, təhsil kreditərinin tətbiqi təhsil alanların sayını artıracaqdır, çünki bir çox ailələrin övladlarının təhsil alma şansı artaracaqdır İkinci bir yol isə tələbə başına düşən təhsil xərcləri çoxalacağ üçün təhsilin keyfiyyəti yüksələcəkdir;
– Təhsildə gender problemini azaldaraq qadınlara iqtisadi azadlıq və imkan yarada biləcək. Çünki, bizim kimi inkişaf etməkdə olan ölkələrdə oğlan övladı ailənin əsas gəlir mənbəyi kimi baxıldığından ailə tərəfindən əsasən oğlan övladına investisiya edilir və bu səbəbdən qız övladları təhsildən və digər sosial proqramlardan kənarda qalır. Bu isə öz növbəsində qadınların gələcək şəxsi inkişafına, cəmiyyətdə və ailədəki roluna mənfi təsir edir. Tələbə kreditlərin düzgün və effektiv istifadəsi isə bu gender problemini həllində çox önəmli siyasi alət kimi rol oyana bilər. Yəni bir çox qızlara təhsildə iştirakını artıraraq cəmiyyətdə fəaliyyətinə müsbət təsir edə bilər.
Mənfi təsirləri:
– Banklarda kredit riskinin yüksəlməsinə səbəb ola ehtimalı yarada bilər. Dövlətin tətbiq edəcəyi proqramın strukturundan asılı olaraq “Tələbə kreditləri”nin xərcləri banklar üçün ağır maliyyə yükü ola bilər. Ona görə də dövlətin ciddi dəstəyi olmadan özəl banklar bu qədər ağır xərcli sosial proqrama girməkdən çəkinə bilərlər. Dünya praktikası göstərir ki, bu kreditlərin geri qaytarılmama riski yüksəkdir, bu isə öz növbəsində bankların kredit portfelinin risk səviyyəsini artırma təhlükəsi yarada bilər;
– Ölkə üzrə adam başına düşən ümumi borc səviyyəsinin yüksəlmə ehtimal yaradır. Tələbə kreditləri bir borc alətidir. Yeni borc alətinin tətbiqi hər bir halda vətəndaşın borc yükünü artıracaqdır. Borc yükünün artması isə vətəndaşların ödəmə bacarığını azaldacağı üçün digər kredit bazarlarına girişinə əngəl törədə bilər. Məsələn, tələbə kreditlərinin geri qaytarılma riski yüksək olduğu üçün bu bir çox tələbələrə mənfi kredit tarixçəsi yaradaraq gələcəkdə digər kedit bazarlarına girmə problemini yarada bilər;
Bu siyasətin müsbət vəya mənfi tərəfllərinin dəqiq empirik təsirlərini görmək üçün mütləq şəkildə proqram başladıqdan sonra məlumat bazası yaradılmalı və monitorinqlər aparılmalıdır. Aydındır ki, bir məqalə ilə bu proqramın bütün iqtsiadi və sosial təsirlərini sadalamaq çətindir. Bunun üçün dünya təcrübəsi ciddi şəkildə öyrənilməli və vətəndaşlarımıza təsiri dəqiqliklə təhqiq edilməlidir.